Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda, təbii ki, çox gözəl görünür. Müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyaları müxtəlif marka və saysız rəng çalarları ilə mövcuddur. Lakin boyalardan uzun müddət istifadə etdikdə, bir çox xanımlar dırnaqlarının zəiflədiyini və pisləşdiyini müşahidə edirlər. Zamanla dırnaqlar zəif, rəngsiz və tez qırılmağa meyilli olurlar. Bəs, hər həftə istifadə etdiyimiz bu boyaların tərkibi haqqında məlumatınız varmı?
Dırnaq boyası aldıqda, onun tərkibi haqqında məlumatı diqqətlə oxumaq vacibdir. Boyalarda ən təhlükəli maddələr – toluol, formaldehid və ftalatlardır. Bunlar orqanizmdə toplanan və çıxarılması mümkün olmayan toksik maddələrdir. Formaldehidlər boyaya kəskin spesifik qoxu verən maddələrdir ki, uzun müddət qoxuladıqda baş ağrısı, ürək problemləri və sinir pozğunluqları yarada bilər. Bundan əlavə, onlar dırnaqların həddindən artıq qurumasına səbəb olaraq, dırnaqları zəif və tezsınan edir.
Toluol boyanın tez qurumasını və dırnaqda yaxşı saxlanılmasını təmin edir, lakin bu çox güclü kanserogen maddədir. Ucuz və keyfiyyətsiz boyaların tərkibində çox miqdarda spirt və aseton olur ki, bu da dırnaqların qurumasına səbəb olur.
Bu məqalədən belə nəticəyə gəlmək olar ki, boyalardan istifadə orqanizm üçün ziyandır. Lakin, artıq satışda “toluolsuz” boyalar da mövcuddur. Çalışın belə boyalardan istifadə edin və ən əsası, zaman-zaman dırnaqlarınıza istirahət verin. Müxtəlif qoruyucu və qidalandırıcı rəngsiz boyalar mövcuddur ki, onlar vitamin və minerallarla zəngin olub, dırnaqların profilaktik müalicəsi üçün istifadə edilir.
Həmçinin, dırnaqlarınız üçün müxtəlif tərkibli vannalar da çox faydalıdır. Sizə bir neçə resept təqdim edirəm:
Dəniz Duzlu Möhkəmləndirici Vanna:
1 x/q dəniz duzu və 1 stəkan ilıq suyu qarışdırıb, əllərinizi bu suda 10 dəqiqə saxladıqdan sonra, qurulayıb, qidalandırıcı krem sürtməyiniz məsləhət görülür. (Dəniz duzu yoxdursa, adi xörək duzu da istifadə etmək olar.)
Yağlı Vanna:
1/2 stəkan bitki yağı və 1/2 alma sirkəsini qarışdırıb (yağı biraz qızdırmaq məsləhət görülür), 15 dəqiqə saxladıqdan sonra salfet və ya yumşaq dəsmalla qurulayın.
Vitaminli Vanna:
1/4 stəkan günəbaxan yağı, 5-6 damcı A vitamini və 3 damcı yodu qarışdırın. Bu vannada əlləri 20-25 dəqiqə saxlayın, sonra eyni qaydada qurulayın. Belə vannanı həftədə 2 dəfə qəbul etdikdə, dırnaq və əl dərisi lazımi vitaminləri alacaq.
Unutmayın, dırnaqlarınızın sağlamlığı üçün düzgün məhsullardan istifadə etmək və onlara müntəzəm olaraq qulluq etmək vacibdir. Sağlam və gözəl dırnaqlar üçün yuxarıda qeyd olunan məsləhətlərə əməl edin.